SERTİFİKATIN BƏRPASI VƏ DAYANDIRILMASI

Sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və sertifikatın ləğv edilməsi

Sertifikat verildikdən sonra Mərkəz “SİMA Token və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 14-cü maddələrində müəyyən edilmiş hallarda onun qüvvəsini dayandıra, bərpa və ya ləğv edə bilər. Bu zaman Mərkəz “Sertifikatlar reyestri”ndə sertifikatın vəziyyətindəki dəyişikliklərin qeydiyyatını aparır.

İmza sahibi sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya sertifikatın ləğv edilməsi üçün ərizə ilə Mərkəzə müraciət etməlidir. Mərkəz müraciətə uyğun olaraq təxirə salınmadan müvafiq tədbir görür, bu barədə imza sahibini məlumatlandırır və “Sertifikatlar reyestri”ndə sertifikatda edilən dəyişikliklərin qeydiyyatını aparır.

Mərkəzin imza yaratma məlumatlarının məxfiliyi pozulduqda, Mərkəz müvafiq sertifikatın ləğv edilməsi, həmçinin imza yaratma məlumatlarının dəyişdirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu halda Mərkəz xidmət göstərdiyi imza sahiblərini məlumatlandırır və onların imza yaratma məlumatları ilə imzalanmış sertifikatlarının dəyişdirilməsini ödənişsiz təmin edir.

İmza yaratma məlumatlarının məxfiliyinin pozulması kimi qiymətləndirilən aşağıdakı hallarda imza sahibi 3 (üç) saat ərzində aidiyyəti Mərkəzə məlumat verməlidir:

  • *İmza yaratma məlumatları daşıyıcısı itdikdə;
  • *İmza yaratma məlumatları daşıyıcısı itdikdə və sonradan tapıldıqda;
  • *İnformasiya sistemində konfidensial informasiyanın sızmasına və ya təhrif olunmasına ciddi şübhələr olduqda;
  • *İmza yaratma məlumatları daşıyıcılarının saxlandığı vasitələrə müdaxilə əlamətləri və ya şübhələr olduqda;
  • *İmza yaratma məlumatları və onların aktivləşdirilməsi kodu digər şəxslərə bəlli olduqda;
  • *İmza yaratma məlumatlarının yaradılmasında iştirak etmiş əməkdaşlar işdən çıxdıqda.