Elektron imza ilə etibarlı gələcəyə imza at

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir. Sərgi çərçivəsində "Bulud əsaslı imza” və "Toplu imza” həlləri nümayiş olunur.
Elektron imza – elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənəd əl imzası ilə imzalanan və möhürlənən sənədə bərabər tutulur.
"Bulud əsaslı imza” – elektron imzanın bulud texnologiyalarına əsaslanan mobil versiyasıdır. "Bulud əsaslı imzalama” ilə rahat şəkildə bank əməliyyatları aparmaq və digər sahələrdə elektron xidmətlərə tam inteqrasiya edərək sənədlərin imzalama prosesini sürətli, təhlükəsiz və elektron formada həyata keçirmək mümkündür.
"Toplu imza” xidməti isə eyni anda çoxlu sayda sənədin elektron imza ilə imzalanmasına imkan verir.
Elektron sənəd və elektron imza haqqında qanunauyğunluğu təmin edən bu imzalama xidmətindən istifadə etməklə istənilən sayda və ölçüdə sənədləri eyni anda sürətli imzalamaq mümkündür. Həmçinin, bu imzalama sistemi vasitəsilə kargüzarlıq əməliyyatlarına sərf olunan vaxta qənaət edilir və iş axını sistemləşdirilir.
4 Dekabr, 2019