2018-ci ildə 40 minə yaxın "E-imza" sertifikatı istifadəyə verilib

Ölkədə "Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ildə istifadəyə verilən "E-imza” sertifikatlarının sayı 39 748 olub. Bu sertifikatlardan 15 254-ü dövlət qurumlarının, 14 900-ü hüquqi şəxslərin, 9 594-ü isə fiziki şəxslərin payına düşür. 2017-ci il ilə müqayisədə 2018-ci ildə verilmiş e-imza sertifikatlarının sayı 67% çoxdur.

Qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən sertifikatların sayı 26 568 (dövlət qurumları üzrə 9 754, hüquqi şəxslər üzrə 9 518, fiziki şəxslər üzrə 7 296) olub.

İstifadəyə verildiyi gündən 2019-cu ilin 1 yanvar tarixinədək olan statistikaya əsasən, ümumilikdə 166 890 "E-imza” sertifikatı istifadəyə verilib. Onlardan 91 206-ı dövlət qurumları üzrə, 41 612-i hüquqi şəxslər üzrə, 34 072-i isə fiziki şəxslər üzrə olub.

Son bir ayda istifadəyə verilən "E-imza” sertifikatlarının sayı isə 3146 olub. Belə ki, 2018-ci ilin dekabr ayında verilən 3146 "E-imza” sertifikatının 1 834-ü dövlət qurumlarının, 828-i hüquqi şəxslərin, 484-ü isə fiziki şəxslərin payına düşüb.

Sözsüz ki, "E-imza” istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Bu günə qədər dövlət qurumları tərəfindən 35 332 921, hüquqi və fiziki şəxslər tərəfindən 9 990 461 olmaqla, ümumilikdə 45 323 382 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci il ərzində isə aparılan əməliyyatların ümumi sayı 15 451 832 olmuşdur ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 34%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 12 127 063, hüquqi və fiziki şəxslərin payına isə toplam 3 324 769 autentifikasiya və elektron imza əməliyyatı düşüb.

"E-imza” virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

11 Yanvar, 2019